Xarici işlər naziri Seyid Abbas Əraqçi çərşənbə günü, aprelin 16-da hökumət iclası çərçivəsində jurnalistlərə deyib: "Biz amerikalılardan bəziləri ziddiyyətli olan müxtəlif mövqelər eşitdik və bu, heç bir şəkildə danışıqların düzgün prosesinə kömək etməyəcək".
O əlavə edib: “Lakin biz danışıqlar görüşü zamanı Amerika tərəfinin real fikirlərini öyrənməliyik. Əgər onlar konstruktiv mövqelərlə çıxış etsələr, ümid edirəm ki, mümkün razılaşma çərçivəsində danışıqlara başlaya bilərik. Əks halda, hələ də ziddiyyətli və əks mövqelər qalacaqsa, iş çətinləşəcək".
Əraqçi Rusiyaya səfər etməkdə məqsədinin nə olduğu sualına da belə cavab verib: “Məqsədim Ali Rəhbər Ayətullah Xameneinin yazılı mesajını Rusiya rəhbərliyinə çatdırmaqdır və ümid edirəm ki, bu mesaj Rusiya prezidenti Vladimir Putinlə görüşündə ona təqdim olunacaq”.
Danışıqlar zamanı İrana qarşı təzyiqlərin davamı ilə bağlı XİN rəhbəri həmçinin deyib: Bizim mövqeyimiz də, hərəkətlərimiz də bəllidir. Onlar təzyiq göstərməklə heç nəyə nail olmayacaqlar. Danışıqlar bərabərhüquqlu əsasda və hörmətli mühitdə aparılarsa, davam edə bilər, lakin onların təzyiqi ilə, mövqelərinin zorlanması ilə heç nə əldə olunmayacaq və biz bunu həm praktikada, həm də öz mövqelərimizdə sübut etmişik. Danışıqlarda heç bir təzyiq və cərəyanın təsirinə düşmədən sakit və dinc şəkildə iştirak edəcəyik.
İran və ABŞ arasında dolayı danışıqların birinci raundunda İran daxilində uranın zənginləşdirmə səviyyəsinin müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab olaraq Əraqçi deyib: Məlum olan odur ki, İranın uranı zənginləşdirməsi real, qəbul edilmiş və həqiqi bir məsələdir və biz mümkün narahatlıqlarla bağlı etimad yaratmağa hazırıq, lakin zənginləşdirmənin mahiyyəti müzakirə edilə bilməz.
Sizin rəyiniz